Paytaxtda vətəndaşları torpaq alqı-satqısı adı ilə külli miqdarda aldadaraq pul mənimsəyən şəxslərin məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş şəxslər ifadə verərək üzləşdikləri dələduzluq detallarını danışıblar.
İstintaq materiallarına əsasən, Orxan Cəlilov və Habil Quliyev sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək Xəzər rayonu və digər ərazilərdə eyni torpaq sahələrini təxminən 50 nəfərə yaxın vətəndaşa satıblar. Bu üsulla ümumilikdə 500 min manatadək vəsaiti mənimsəyən təqsirləndirilənlər müştərilərə qarşı xüsusi üsullarla etimad qazanıblar. Belə ki, Orxan Cəlilov özünü həkim kimi tanıdıb, Habil Quliyevi isə bəzi müştərilərə "dayısı" kimi təqdim edərək satılan torpağın məhz onun adına olduğunu bildirib.
Məhkəmədə dindirilən zərərçəkənlərdən biri torpağı aldıqdan sonra əraziyə tikinti üçün gələndə başqa şəxslərin onun qanunsuz olduğunu bildirdiyini və sənədlərin saxta olduğunu məhz polisin araşdırmasından sonra öyrəndiyini qeyd edib. Digər zərərçəkən – hərbçi isə antiterror əməliyyatları zamanı yaralanıb hospitalda müalicə alarkən qardaşı vasitəsilə torpaq aldığını, lakin sonradan sənədlərin saxta çıxdığını və pulunun geri qaytarılmadığını vurğulayıb.
Vətəndaşların şikayətləri əsasında başlanan cinayət işi üzrə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dələduzluq və saxta sənəd hazırlama maddələri ilə məsuliyyətə cəlb olunublar və barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
