Ölkədə diqqətlə izlənilən səs-küylü məhkəmə proseslərindən biri başa çatıb. İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri, tanınmış iqtisadçı Qalib Bayramovun barəsindəki cinayət işi üzrə yekun qərar verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan olunub. Məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların leqallaşdırılmasında təqsirləndirilən Q.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib, lakin ona 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Xatırladaq ki, dövlət ittihamçısı onun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunmasını tələb etmişdi.
Qeyd edək ki, istintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Ümumilikdə isə ölkədə fəaliyyət göstərən bir sıra QHT-lər, onların rəhbərləri, eləcə də xarici təşkilatların nümayəndəlikləri ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam etdirilir.
