Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən 122-ci kilometrliyində iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Beyanat.az Oxu.Az-a istinadən xəbər verir ki, Həsən Quliyevin idarə etdiyi 90-MK-953 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü H.Quliyev və sərnişini Rahidə Abdullayeva hadisə yerində həlak olublar.
Nəqliyyat vasitəsində olan digər dörd sərnişin — Xankişi Əliyev (61 yaş), Budaq Əliyev (67 yaş), Xatirə Əliyeva (54 yaş) və Turan Əliyeva (29 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, həlak olan sürücü Sabunçu rayon sakini, digər sərnişinlər isə Abşeron rayonunun Məmmədli kənd sakinləridir. Onlar Tovuz rayonu istiqamətində hərəkətdə olarkən qəzaya düşüblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
