Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektində növbəti qanunazidd hal aşkarlanıb. Aparılan yoxlamalar zamanı məşhur kabab evində istifadə olunan ətin tərkibində at DNT-si müəyyən edilib.
Agentlikdən verilən məlumata görə, yoxlama Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində həyata keçirilib.
Araşdırma zamanı məlum olub ki, obyektdə istifadə olunan farşın keyfiyyətini və təhlükəsizliyini təsdiq edən heç bir müvafiq müşayiətedici sənəd mövcud deyil. Laboratoriya müayinəsinə göndərilən məhsul nümunələrinin təhlili nəticəsində ətdə at DNT-si aşkarlanıb. Eyni zamanda, obyekt üzrə izlənmə sisteminin tətbiq edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin isə kobud şəkildə pozulduğu qeydə alınıb.
Aşkarlanan ciddi nöqsanlarla əlaqədar olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və o, məsuliyyətə cəlb olunub. Müəssisənin fəaliyyəti isə aşkar olunan nöqsanlar tam aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd etmək lazımdır ki, həmin obyektin sahibi əvvəllər də analoji qanun pozuntusuna yol verib. Belə ki, bu iaşə obyekti hələ 2025-ci ilin may ayında keçirilən yoxlamalar zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb edilmişdi.
