Milli valyutanın 34 illik yolu: Azərbaycan manatının tarixi, enişli-yoxuşlu mərhələləri və inkişaf hekayəsi

 

İqtisadi müstəqilliyimizin və dövlətçilik atributlarımızın ayrılmaz hissəsi olan Azərbaycan manatının tədavülə buraxılmasından 34 il ötür. Ölkənin maliyyə sisteminin təməl daşı olan milli valyulamız keçdiyi zəngin və mürəkkəb yolda bir çox tarixi mərhələlərdən keçib.

Sovet rublundan milli valyutaya keçid (1992–1994)

Müstəqilliyini bərpa edən Azərbaycanın öz pul vahidinə sahib olması istiqamətində ilk rəsmi addım o dövrkü prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli fərmanı ilə atıldı. Həmin ilin avqust ayından etibarən ölkədə ilk milli əskinaslar – 1, 10 və 250 manatlıq kupyurlar dövriyyəyə daxil edildi. Ardınca müxtəlif qəpik sikkələr və digər nominal dəyərlər (5, 50, 100, 500 və 1000 manatlıqlar) tədavülə qatıldı. Maraqlıdır ki, ölkənin ilk pul nişanları Fransanın Mərkəzi Bankında çap olunmuşdu.

İlk illərdə iqtisadiyyatda keçid dövrünün çətinlikləri səbəbindən paralel olaraq sovet rublundan da istifadə olunurdu (1 manat 10 rubula bərabər tutulurdu). Lakin Ulu Öndər Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli fərmanı ilə manat ölkə ərazisində yeganə qanuni ödəniş vasitəsi elan edildi və 1994-cü ilin əvvəlindən respublika rubl zonasından tamamilə ayrılarak müstəqil məzənnə siyasətinə keçdi.

Denominasiya və tamamilə yenilənən manat dövrü (2005–2007)

İllər keçdikcə inflyasiya prosesləri və iqtisadi tələbatlar yeni miqyasda pul nişanlarına ehtiyac yaratdı. 1992–2005-ci illərdə trilyonlarla köhnə manat dövriyyəyə buraxılmışdı. Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixli fərmanı ilə tarixi bir addım atıldı – pul nişanlarının nominal dəyəri dəyişdirildi (denominasiya baş tutdu).

2006-cı il yanvarın 1-dən etibarən 1 yeni manat (AZN) 5000 köhnə manata (AZM) bərabər tutuldu. Bir illik paralel dövriyyə müddətindən sonra – 2007-ci ilin əvvəlindən etibarən yeni nəsil pullar tam hakim mövqe qazandı.

Avro müəllifinin dizaynı və milli konsepsiya

Yeni manatların vizual tərtibatı dünya miqyasında tanınmış mütəxəssis, avro əskinaslarının da dizayneri olan avstriyalı Robert Kalinaya həvalə edildi. İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanan pulların əsas mövzusu "Müstəqil Azərbaycan" ideyasına əsaslandı:

1 manat: Mədəniyyət (tar, kamança, qaval, xalça elementləri);

5 manat: Yazı və ədəbiyyat (Qobustan abidələri, qədim əlifbalar, ədəbi simalar);

10 manat: Tarix (İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı);

20 manat: Qarabağ (milli atributlar, xarıbülbül simvolu);

50 manat: Təhsil və gələcək (elm, bilik və inkişaf simvolları);

100 manat: İqtisadiyyat və inkişaf (memarlıq və iqtisadi tərəqqi rəmzləri).

Bunlarla yanaşı, sonrakı illərdə ölkənin inkişaf tarixinə uyğun olaraq 200 manatlıq əskinas (Heydər Əliyev Mərkəzi və Cümhuriyyətin 100 illiyinə həsr olunub) dövriyyəyə buraxıldı. Həmçinin Mərkəzi Bank tərəfindən ən müasir təhlükəsizlik və holoqrafik elementlərlə təchiz edilmiş yenilənmiş 100 manatlıq əskinaslar da tədavülə əlavə olundu.

Məzənnənin təkamülü: Sabitlik və üzən rejim

Uzun müddət Cənubi Qafqazın həm daxildə, həm də xaricdə ən stabil valyutalarından biri olan manat 2015-ci ildə qlobal neft bazarındakı kəskin böhranın təsirinə məruz qaldı. Həmin ilin fevral və dekabr aylarında baş verən devalvasiyalar nəticəsində manat ABŞ dollarına qarşı dəyər itirdi və Mərkəzi Bank “üzən məzənnə” rejiminə keçdi.

2018-ci ilin mart ayından etibarən isə dolların rəsmi məzənnəsi 1,700 manat səviyyəsində qərarlaşdı və bu günədək həmin tarazlıq qorunub saxlanılır.

Previous Post Next Post