İndoneziyanın şərq sahillərində qeydə alınan 7.7 bal gücündə güclü zəlzələ və ardınca gələn onlarla təkan nəticəsində azı 47 nəfər həyatını itirib.
Beyanat.az Reuters agentliyinə istinadən xəbər verir ki, təbii fəlakətin episentrə ən yaxın nöqtəsi olan Nagekeoda yolları uçqunlar bağlayıb, rabitə əlaqələri isə kəsilib. Bu səbəbdən xilasetmə qrupları hələ də həmin istiqamətə daxil ola bilmirlər. Bölgədə təxminən 2000 sakin təxliyə olunub, çoxsaylı evlər, anbarlar və inzibati binalar zərər görüb.
Flores adasındakı Maumere liman şəhərində də ciddi dağıntılar qeydə alınıb. Liman ərazisində binaların bir hissəsinin uçması nəticəsində xilasedicilər dərhal dağıntılar altında qalanların axtarışına başlayıblar.
Səhər saatlarında baş verən yeraltı təkanlardan dərhal sonra ölkənin bir neçə sahil bölgəsində hündürlüyü 1 metri keçməyən sunami dalğaları qeydə alınıb. Təxminən üç saat sonra təhlükə sovuşduğu üçün sunami xəbərdarlığı ləğv olunub. Avstraliyanın sunami xəbərdarlığı mərkəzi isə zəlzələnin onların sahilləri üçün heç bir təhlükə yaratmadığını bəyan edib.
Təkanlar Şərqi Nusa Tenggara, Qərbi Nusa Tenggara və Cənubi Sulavesi vilayətlərində də güclü şəkildə hiss olunub. Evlərini tərk edən sakinlər çaxnaşma içində küçələrə axışıblar. Ende rayonundakı xəstəxanalardan birində isə təhlükəsizlik məqsədilə xəstələr binadan bayıra çıxarılıb.
Qeyd edək ki, tektonik tavaların kəsişdiyi və yüksək seysmik aktivliyi ilə seçilən "Sakit okean od halqası"nda yerləşən İndoneziyada bu cür dağıdıcı təbii fəlakətlər tez-tez baş verir.
