İyun ayında əldə olunan gərginliyin azaldılması razılaşmasından sonra Livan üçün ən ağır və itkili günlərdən biri qeydə alınıb. İsrail ordusunun ölkənin cənubuna endirdiyi güclü aviazərbələr nəticəsində həyatını itirənlərin sayı 11 nəfərə çatıb.
Beyanat.az BBC-yə istinadən xəbər verir ki, hücumların əsas hədəfi dinc sakinlərin yaşayış məntəqələri olub. Livanın Baş naziri Nəvaf Səlam bildirib ki, paytaxt Beyrutdan təxminən 70 kilometr cənubda yerləşən Ənsar qəsəbəsində bir evin bombalanması nəticəsində 7 nəfər həyatını itirib. Yerli medianın yaydığı məlumata görə, həlak olanlar arasında 3 azyaşlı uşaq və 2 qadın da var. Baş nazir bu hücumu sərt şəkildə qınayaraq, qurbanların heç bir hərbi infrastruktura aid olmadığını vurğulayıb və İsraildən hücumları dərhal dayandırmağı tələb edib.
Günün sonrakı saatlarında isə Deyr əl-Zəhrani qəsəbəsi də raket atəşinə tutulub. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin hücum zamanı daha 4 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələri (IDF) Ənsar qəsəbəsinə edilən hücumun hədəfli olduğunu açıqlayıb. İsrail tərəfi bildirib ki, əməliyyat nəticəsində Hizbullahın Radwan qüvvələrinin batalyon komandiri Əli Samir əl-Həc Həsən məhv edilib. IDF komandirin ailə üzvlərindən "canlı qalxan" kimi istifadə edərək hərbi qərargahda gizləndiyini iddia edib.
Livan Prezidenti Cozef Aun baş verənləri sərt pisləyərək, bunun atəşkəs çərçivəsinin kobud şəkildə pozulması olduğunu qeyd edib. Xatırladaq ki, tərəflər arasında sülh danışıqlarının növbəti mərhələsinin sentyabr ayında keçirilməsi planlaşdırılsa da, davam edən qanlı qarşıdurmalar bölgədə vəziyyəti yenidən kritik həddə çatdırıb.
