Əfsanəvi rekord darmadağın edildi: Çin robotu Useyn Boltun 100 metrlik nəticəsini üstələdi

 

Beyanat.az xəbər verir ki, Pekində keçirilən Ümumdünya Humanoid Robot Oyunlarında texnologiya və idman dünyasının sərhədlərini alt-üst edən tarixi hadisə yaşanıb. "Beijing Humanoid Robot Innovation Center" tərəfindən hazırlanan "Tiangong Ultra" adlı humanoid robot 100 metr məsafəni cəmi 9.39 saniyəyə qət edərək inanılmaz göstəriciyə imza atıb.

Reuters agentliyinin yaydığı məlumata görə, bu nəticə canlı insan tərəfindən göstərilən ən yüksək göstəricini — əfsanəvi Yamayka qaçışçısı Yuseyn Boltun 2009-cu ildə Berlində müəyyənləşdirdiyi 9.58 saniyəlik dəniz səviyyəsindəki dünya rekordunu geridə qoyur.

İkinci gələn robot da rekordu keçdi

Nəfəs kəsən yarışda "Honor" şirkəti tərəfindən hazırlanan "Lightning" adlı digər robot da 9.47 saniyəlik göstərici ilə finişə çataraq Boltun rəsmi rekordunu üstələməyi bacarıb. Hətta "Lightning" turnirdən öncəki sınaqlarda 100 metri 9.32 saniyəyə qaçaraq maksimum 14.5 m/s sürət toplayıb. Bu robot daha əvvəl keçirilən humanoid robotlararası yarımmarafonda da 50 dəqiqə 26 saniyəlik nəticə ilə birinci olmuşdu. Mühəndislər yarışdan öncə robotun ayaq uzunluğunu 10 sm artıraraq 1.05 metrə çatdırıblar ki, bu da onun addım tezliyinə bilavasitə təsir göstərib.

Süni intellekt və aparat təminatının inkişaf tempi fantastikdir. Belə ki, keçən il təşkil edilən ilk turnirdə "Tiangong Ultra" eyni məsafəni 21.50 saniyəyə qaçmışdı. Cəmi bir il ərzində robotların sürətinin iki dəfədən çox artması texnoloji sıçrayışın miqyasını göstərir.

50 milyard dollarlıq nəhəng bazar

Pekinin Milli Sürətli Konkişürmə Ovalında keçirilən oyunlar Çinin robototexnikanı strateji prioritet kimi gördüyünü bir daha sübut edir. Builki turnirə 16 ölkədən 666 komandanı təmsil edən 2 056 robot qatılıb. Proqrama atletika ilə yanaşı futbol, rəqs və sənaye tapşırıqları daxil olmaqla 51 fərqli kateqoriya daxildir.

Sektorun iqtisadi potensialı da investorları valeh edir. Çinin tanınmış robot istehsalçısı "Unitree" şirkətinin səhmləri Şanxay birjasındakı ilk hərrac günündə 5 dəfədən çox dəyər qazanaraq şirkətin bazar qiymətini təxminən 50 milyard dollara çatdırıb. Ekspertlər bildirirlər ki, bu texnologiyalar tezliklə istehsalat, loqistika və gündəlik xidmət sahələrini tamamilə yeniləyəcək.

Previous Post Next Post