Bakıda və regionlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib.
Beyanat.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbirlər paytaxtın Binəqədi və Nizami rayonlarını, həmçinin Abşeron və Yevlaxı əhatə edib. Xüsusi əməliyyat zamanı əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar.
Keçirilən baxış zamanı şübhəli şəxslərdən ümumilikdə 116 kiloqram narkotik vasitə və 9 500 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən maddələrin qanunsuz dövriyyəsini təşkil edirmişlər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
