Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verən ağac kəsimi faktı ilə bağlı sərt addımlar atılır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, ərazidəki yaşıllıqlara qəddarcasına divan tutulması nəticəsində təbiətə 39 240 manat məbləğində ziyan dəyib.
Hadisə artıq sadə inzibati xəta həddini keçib. Dəymiş ziyanın miqdarı birbaşa cinayət tərkibi yaratdığı üçün toplanmış bütün materialların hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa göndərilməsi təmin olunur. Araşdırmalar zamanı üzə çıxıb ki, torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev heç bir rəsmi qurumdan, xüsusilə də Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyini almadan özbaşına söküntü və təmizləmə işləri aparıb. Buna görə də sahibkar barəsində dərhal akt və protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.
Təbiətə dəyən zərərin bərpası istiqamətində də təcili addımlar atılır. Kəsilən ağacların yerində yeni tinglərin əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi müraciət ünvanlanıb. Həmçinin, gələcəkdə həmin ərazidə hər hansı layihə həyata keçiriləcəyi təqdirdə sahənin mütləq yaşıllıq zonası kimi saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət edilib.
