Avropa Yayım İttifaqı (EBU) "Avroviziya" mahnı müsabiqəsinin gələcəyini dəyişəcək yeni qaydalar paketini təsdiqləyib. Vyana səhnəsində baş tutan 2026-cı il yarışmasından sonra ölkələrin və ekspertlərin rəylərini nəzərə alan təşkilatçı korpus, 2027-ci il üçün olduqca sərt və diqqətçəkən yeniliklərə imza atıb.
Müharibə və geosiyasət kölgəsi: Ev sahibliyi hüququ əlindən alınacaq
Ən səs-küylü dəyişikliklərdən biri məhz təhlükəsizliklə bağlıdır. 2027-ci ildən etibarən əgər qalib ölkədə və ya onun sərhədlərinə yaxın ərazilərdə silahlı münaqişə gedirsə, yaxud hər hansı geosiyasi gərginlik sabitliyə təhlükə yaradırsa, həmin ölkə müsabiqəyə ev sahibliyi etmək hüququndan avtomatik məhrum olunacaq.
EBU lazım gələrsə, müstəqil təhlükəsizlik yoxlaması aparacaq.
Əgər ölkə təhlükəsiz şərait yarada bilmirsə, alternativi başqa dövlət öz üzərinə götürəcək.
Ən əsası, yeni ev sahibi müsabiqəni keçmiş qalibin adından deyil, birbaşa öz adından təşkil edəcək.
Yeri gəlmişkən, artıq rəsmən elan olunub ki, "Avroviziya-2027" Bolqarıstanın Burqas şəhərində baş tutacaq və böyük final mayın 15-nə təyin edilib.
Səhnədə "fırıldaq" yoxdur: Canlı vokal qətiyyəti
Müsabiqənin ruhunu qorumaq üçün vokal qaydaları da dəqiqləşdirilib. Əsas qızıl qayda dəyişməz qalır: baş solist əsas melodiyanı mütləq canlı oxumalıdır. Arxa fon səsləri (backing tracks) müəyyən çərçivədə istifadə oluna bilər, lakin onlar əsla canlı vokalın yerini tuta və ya ifaçıya kömək məqsədilə əsas melodiyanı əvəz edə bilməz.
16 yaş dövrü bitdi: Artıq yalnız 18 yaşlılar!
Gənc istedadların qorunması və onların üzləşdiyi psixoloji təzyiqlərin minimuma endirilməsi üçün yaş həddində sərt addım atılıb. İndiyə qədər müsabiqəyə 16 yaşından qoşulmaq mümkün idisə, 2027-ci ildən etibarən hər bir iştirakçı ilk məşq günündə ən azı 18 yaşında olmalıdır.
Səsvermə və kampaniyalara nəzarət
Tamaşaçı gücü: Yarımfinallarda nəticələr əsasən tamaşaçı səsverməsi (dünyanın digər nöqtələrindən gələn səslər də daxil olmaqla) əsasında formalaşacaq. Eyni zamanda, Reference Group-un icazəsi ilə münsiflər heyətinin xalları da müəyyən nisbətdə əlavə oluna bilər.
Təbliğat məhdudiyyəti: İştirakçılar və yayımçılar tamaşaçıları səs verməyə çağıra bilər, lakin dövlət səviyyəsində dəstəklənən və ya həddindən artıq şişirdilmiş miqyaslı kampaniyalara qəti şəkildə icazə verilməyəcək.
