Qərbi Afrikanın təhlükəli Sahel regionunda İŞİD-in qolu tərəfindən girov götürülən amerikalı pilotun azadlığa buraxılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Reuters agentliyinin etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, bu gizli əməliyyatın arxasında Liviya hərbi komandiri Xəlifə Həftərin birbaşa vasitəçiliyi dayanır.
Nigerdə xristian missioner təşkilatı üçün pilot işləyən Kevin Rideout ötən ilin oktyabrında Niamey şəhərinə gedərkən oğurlanmışdı. Dörd fərqli mənbənin Reuters-ə bildirdiyinə görə, aylarla naməlum şəraitdə saxlanılan pilot nəhayət cümə axşamı axşam saatlarında şərqi Liviya hakimiyyətinə təhvil verilib.
Səhnəarxası siyasi gedişlər
Həftərin bu prosesdə əsas fiqur kimi çıxış etməsi onun təkcə öz ölkəsində deyil, bütövlükdə Sahel bölgəsində əsas təhlükəsizlik oyunçusuna çevrildiyini göstərir. O, bu cür beynəlxalq əhəmiyyətli addımlardan ABŞ-ın yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq və siyasi divident qazanmaq üçün təsir vasitəsi kimi istifadə edir.
Fidyə iddiası: Əməliyyatın dəqiq detalları hələ də qaranlıq qalsa da, mənbələrdən biri Liviya tərəfinin girovun azad olunması üçün fidyə ödədiyini bildirir.
Trampın reaksiyası: Ağ Ev və Dövlət Departamenti məsələni şərh etməkdən çəkinsə də, ABŞ prezidenti Donald Tramp sosial media hesabında pilotun tezliklə evinə qayıdacağından məmnunluq duyduğunu qeyd edib.
Qeydək edək ki, pilotun izinin tapılması üçün ABŞ administrasiyası əvvəllər Mali rəsmilərinə qarşı sanksiyaları belə yüngülləşdirmişdi. Liviya səhnəsində isə bu azadetmə əməliyyatına regional qruplarla əlaqəsi olan maliyeli iş adamı Şərif Vuld Taharın rəhbərlik etdiyi bildirilir.
