Populyar süni intellekt modeli Claude-un yaradıcısı olan Anthropic şirkətinin son addımı rəqəmsal aləmdə əsl qasırğa qoparıb. TechCrunch nəşrinin yaydığı məlumata görə, şirkət artıq Claude-un yaratdığı mətnlərə süni intellekt tərəfindən yazıldığını dərhal üzə çıxaran görünməz kodlar – su nişanları (watermark) əlavə etməyə başlayıb.
Qərarın arxasında nə dayanır?
Bu yenilik heç də təsadüfi deyil. Avropa İttifaqının yeni Aİ Qanununun Şəffaflıq Kodeksi texnologiya nəhənglərindən tələb edir ki, süni intellektin yaratdığı və ya redaktə etdiyi məzmunlar rəqəmsal sistemlər tərəfindən dərhal tanına bilsin. Anthropic də bu tələbə uyğun olaraq qlobal miqyasda bütün yeni modellərində bu funksiyanı aktivləşdirib.
"Alınımıza rəqəmsal damğa vururlar"
Tənzimləyicilər qərardan razı qalsa da, adi istifadəçilər vəziyyətdən bərk qəzəblidir. Xüsusilə Reddit platformasında qızğın müzakirələr gedir. TechCrunch qeyd edir ki, bəzi narazı istifadəçilər bu sistemi sərt şəkildə tənqid edərək bildirirlər ki, bu, sadəcə kiçik kömək alan hər kəsi hədəfə alacaq:
Esse strukturunu səliqəyə salan tələbələr,
Uzun transkriptləri və sənədləri xülasə edən jurnalistlər,
Yaradıcılıq böhranı yaşayarkən sadəcə sinonim axtaran yazıçılar bu görünməz "rəqəmsal damğa" üzündən çətin vəziyyətdə qalacaqlar.
"Əgər dürüstsənsə, niyə qorxursan?"
Lakin sosial şəbəkələrdə hər kəs bu fikri bölüşmür. Əksəriyyət narazılıq edənləri haqsız hesab edir. Onların fikrincə, süni intellektin yazdığı mətnləri heç bir dəyişiklik etmədən və ya mənbə göstərmədən birə-bir kopyalayıb öz adı ilə təqdim etmək onsuz da dürüstlük deyil.
Müzakirələrdə haqlı olaraq qeyd olunur: "Əgər sən süni intellektdən sadəcə yardımçı alət kimi dürüst şəkildə istifadə edirsənsə, onun arxasınca iz buraxmasının sənə heç bir zərəri ola bilməz."
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə digər texnologiya nəhəngləri də eyni yolu tutacaq. Bir sözlə, rəqəmsal dünyada süni intellekt izlərini gizlətmək artıq demək olar ki, mümkünsüzə çevrilir.
