Pul yox, sümük axtarıblar: Cəlilabaddakı 100 illik ziyarətgahda nə baş verir?


Beyanat.az
xəbər verir ki, Cəlilabad rayonunun Seyidbazar kəndində yerli sakinlərin əsrdən artıqdır mənəvi pənahgah kimi ziyarət etdiyi ərazidə gecə saatlarında sirli qazıntı işləri aparılıb.

Kənd əhalisinin təsadüfən aşkar etdiyi mənzərə hər kəsi təəccübləndirib. Naməlum şəxslər torpaq qatını dərinlikdən qazaraq altüst edib və nəticədə insan sümüyü qalıqları səthə çıxıb. Hadisəni daha da müəmmalı edən məqam isə qazıntını aparanların ziyarətgahdakı nəzir və maddi vəsaitlərə zərrə qədər də toxunmamasıdır. Bu fakt ərazidə məişət oğurluğu deyil, qanunsuz dəfinə və ya antik əşya axtarışının aparıldığı ehtimalını gücləndirir.

Sözügedən məkan rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri reyestrinə daxil edilməsə də, əsrə dayanan geçmişi ilə yerli camaat üçün xüsusi mənəvi dəyər kəsb edir.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında dərhal araşdırmalara başlanılıb. Qanunsuz qazıntını həyata keçirən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri sürətlə davam etdirilir.

Previous Post Next Post