Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Sərəncam imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Əsas maliyyələşmə və tədbir istiqamətləri:
Energetika sektoru: Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat ayrılıb.
Yol infrastrukturu: Ümumi uzunluğu 420 kilometr olan, 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat nəzərdə tutulub.
Təhsil infrastrukturu: Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.
İctimai nəqliyyat: Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat yönəldilib.
Məktəbəqədər təhsil müəssisələri: Muxtar respublikada ümumilikdə 640 yerlik 5 yeni bağçanın (Naxçıvan şəhərinin Bulqan, Ordubadın Dəstə, Şərur şəhəri, Culfa rayonunun Əbrəqunus və Kəngərlinin Qarabağlar kəndlərində) tikintisi üçün 20 milyon manat ayrılıb.
Binaların təmiri və abadlıq: Müxtəlif şəhərlərdə yaşayış binalarının tam və ya fasad hissəsinin əsaslı təmiri üçün müvafiq icra hakimiyyətlərinə 15 milyon manat vəsait ayrılıb.
İstilik təchizatı: Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində yaşayış binalarına xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat nəzərdə tutulub.
Sözügedən Sərəncam muxtar respublikada həyata keçirilən sosial-iqtisadi layihələrin davamlılığının təmin olunmasına və əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
