Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə institutlarında etik davranış standartlarının təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanı yeniləyib. Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə “Banklarda korporativ idarəetmə Standartları”, “Sığortaçılarda korporativ idarəetmə Standartları”, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” və “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.
Təsdiq edilən dəyişikliklər 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.
Əsas yeniliklər və tələblər:
Müştəri şikayətləri üzrə müstəqil funksiya: Maliyyə institutlarında müştəri müraciətlərinin qanunvericiliyə uyğun, obyektiv və operativ araşdırılması, habelə daxili proseslərin təkmilləşdirilməsi üçün müstəqil funksiyanın (ayrıca struktur bölmə və ya məsul şəxs) yaradılması nəzərdə tutulur.
Etik davranış qaydalarının əhatə dairəsi: Rəhbər və işçi heyəti üçün davranış standartları, reputasiya risklərinin qarşısının alınması, maraqlar münaqişəsinin idarə edilməsi, şəffaflıq, dürüstlük və müştərilərlə ədalətli rəftar prinsipləri gücləndirilir.
Gözlənilən nəticələr: Dəyişikliklər istehlakçı hüquqlarının qorunması səviyyəsinin yüksəldilməsinə, müştəriyönümlü yanaşmanın genişlənməsinə və maliyyə sektoruna ictimai etimadın artmasına xidmət edəcək.
