İngiltərədə anomal istilər: 2026-cı ilin yayı tarixin ən isti mövsümü olmağa doğru gedir

 

Birləşmiş Krallıqda cari ilin yay ayları rekord həddə çatan temperaturlarla yadda qalır. Meteorologiya İdarəsinin (Met Office) ilkin hesablamalarına görə, iyunun 1-dən avqustun 10-na qədər olan dövrdə ölkə üzrə orta temperatur 16,48 dərəcə təşkil edib. Bu isə son illərin normasından təxminən 2 dərəcəyə yaxın çoxdur.

Əgər ayın qalan günlərində də hava proqnozları özünü doğrultsa, 2026-cı ilin yayı ölkədə qeydiyyatların aparılmağa başlandığı 1884-cü ildən bəri tarixin ən isti yay mövsümü kimi qeydə alınacaq. Xatırladaq ki, bundan əvvəlki rekord məhz ötən ilə – 2025-ci ilə aid idi.

Quraqlıq ölkəni bürüyüb

Mütəxəssislərin açıqlamalarına görə, yay ərzində bəzi bölgələrdə termometrlər 35-38 dərəcəyə qədər yüksəlib və qarşıdakı günlərdə yeni isti hava dalğalarının gəlməsi gözlənilir.

Həddindən artıq istilər təbiətə də ağır zərbə vurub. İngiltərə Ətraf Mühit Agentliyinin məlumatına əsasən, paytaxt London daxil olmaqla ölkə ərazisinin 71%-dən çoxunda rəsmi quraqlıq rejimi tətbiq olunub. Normalda yaşıl örtüyü ilə seçilən bölgələr quraqlıq səbəbindən demək olar ki, tamamilə saralıb.

Previous Post Next Post