Cibinizdə telefonun titrədiyini hiss edib dərhal ekrana baxırsınız, amma nə zəng var, nə də mesaj... Hətta bəzən telefon masanın üstündə olduğu halda cibinizdə o vibrasiyanı yenə də hiss edirsiniz.
Gündəlik həyatda demək olar ki, hər birimizin qarşılaşdığı bu qəribə hal sadəcə təsadüf deyil. Elm dünyasında buna "Fantom Vibrasiya Sindromu" deyilir.
Beyin niyə bizi aldadır?
Mütəxəssislərin fikrincə, gün ərzində smartfonlardan asılılığımız artdıqca beynimiz davamlı olaraq bildiriş gözləmə rejimində qalır. Paltarımızın dərimizə sürrtünməsi, əzələlərin kiçik səyirməsi və ya cibdəki əşyaların toxunması kimi adi hissiyyatları beynimiz yanlışlıqla "telefonuma mesaj gəldi" kimi yozur.
Yəni hissiyyatı yaradan cibinizdəki telefon deyil, beyninizin gələn xəbərdarlığı qabaqlamaq istəyidir.
Bundan necə qurtulmaq olar?
Araşdırmalara görə, smartfon istifadəçilərinin 89%-dən çoxu bu hissi yaşayır.
Əgər bu hal sizi çox narahat edirsə, mütəxəssislər sadə bir həll yolu təklif edirlər: Telefonun vibrasiya rejimini bir neçə günlük söndürün və ya telefonu cibdə deyil, çantada daşıyın. Beyniniz qısa müddətdə bu "yalançı həyəcanı" unudacaq.
