Beyanat.az xəbər verir ki, Prezident İlham Əliyev görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, professor Əziz Məmmədkərim oğlu Əliyevin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənəd dövlət başçısının rəsmi saytında (President.az) dərc olunub.
Milli səhiyyənin və dövlətçilik məktəbinin banilərindən biri
2027-ci ilin yanvar ayında anadan olmasının 130 ili tamam olacaq Əziz Əliyev ölkəmizdə müasir səhiyyə sisteminin qurulmasında, tibb təhsilinin formalaşmasında və peşəkar milli kadrların yetişdirilməsində müstəsna rol oynayıb.
İkinci Dünya müharibəsi illərində mühüm hərbi-siyasi vəzifələri uğurla icra edən xadim, eyni zamanda Azərbaycan ilə Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfələr verib.
Nazirliklərə birgə tapşırıq verildi
Yubileyin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Sərəncamda aşağıdakı tapşırıqlar əksini tapıb:
Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi birlikdə Əziz Əliyevin 130 illiyinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
