Azərbaycan səhnəsinin həm bənzərsiz səsi, həm də qürurlu və təkrarolunmaz duruşu ilə yadda qalan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. beyanat.az olaraq, milli estrada musiqimizin inkişafına əvəzsiz töhfələr verən sənətkarın şərəfli həyat və yaradıcılıq yoluna bir daha nəzər salırıq.
Sənətə açılan uşaqlıq illəri və filologiya seçimi
İlhamə Quliyeva 1943-cü ild ziyalı və sənətkar ailəsində – Lənkəranda dünyaya gəlib. Atası prokuror Məzahir Quliyev, anası isə Azərbaycanın tanınmış xanəndəsi Tükəzban İsmayılova olub. Uşaqlığının ilk illəri atasının işi ilə əlaqədar Şəkidə keçən gələcək ulduz, valideynləri ayrıldıqdan sonra anası və ögey atası – dahi tarzən Həbib Bayramovun ocağında böyüyüb.
Bakıda məktəbə başlayan İlhamə eyni zamanda fortepiano sinfi üzrə musiqi təhsili alır. Lakin ilk ali təhsilini birbaşa musiqi sahəsində deyil, 1960-cı ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alır.
Gizli səfərdən başlayan böyük parıltı
Gənc İlhamənin istedadı gizli qala bilməzdi. 1962-ci ildə Moskvada keçirilən Ümumittifaq Tələbə Festivalında birinci yeri qazanması onun sənət yolunun ilk ciddi başlanğıcı olur. 1963-cü ildən etibarən ailəsindən xəbərsiz şəkildə universitetin "Sevinc" estrada ansamblında çıxış etməyə başlayır.
Əsl dönüş nöqtəsi isə 1964-cü ilə təsadüf edir. Anasının "sadəcə tamaşaçı kimi gedirsən" sandığı səfərlə Moskvaya – gənc istedadlar müsabiqəsinə yollanan İlhamə orada Rauf Hacıyevin "Azərbaycanım" və Tofiq Quliyevin "İlk görüş" mahnılarını elə bir ehtirasla oxuyur ki, müsabiqənin birincisi olur.
Bu parlaq qələbədən sonra dahi bəstəkar Fikrət Əmirov onu şəxsən qəbul edir və dəstək olacağını bildirir. Nəticədə sənətkarın repertuarını bəzəyən "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən" və digər şah əsərlər dərhal milyonların dilvərçisinə çevrilir.
Səhnənin zirvəsi və beynəlxalq qastrollar
1965–1970-ci illərdə Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərən İlhamə Quliyeva Azərbaycan estrada sənətinin təbliğində müstəsna rol oynayıb. 1980-ci ildən "Azkonsert"in solisti kimi çalışıb, İngiltərə, İspaniya, Türkiyə, Almaniya, Danimarka və digər xarici ölkələrdə verdiyi konsertlərlə milli musiqimizi beynəlxalq aləmdə layiqincə təmsil edib.
Əbədi xatirə
Sənətkar 2016-cı il fevralın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda, həyatında hər zaman xüsusi yeri olan anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn olunub.
