Qəzzada yenidən qan töküldü: Hava zərbələri 4 yaşlı uşağın həyatına son qoydu


Beyanat.az
xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsinə İsrail hərbi hava qüvvələrinin endirdiyi yeni zərbələr nəticəsində azı 2 nəfər həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həyatını itirənlərdən biri 4 yaşlı azyaşlıdır.

"Reuters" agentliyinin yaydığı məlumata görə, hücumlardan biri Zəvayidə qəsəbəsində yerləşən yaşayış binasını hədəf alıb. İsrail ordusunun mülk sahiblərinə ərazini tərk etmək xəbərdarlığından dərhal sonra endirilən zərbə nəticəsində bina tamamilə dağılıb. Partlayış zamanı etrafa sıçrayan qəlpələr 4 yaşlı Məhəmməd Əbdül-Salam Tahanı ağır yaralayıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq vəfat edib. İkinci hava zərbəsi isə yaxınlıqdakı Nuseyrat qaçqın düşərgəsi ərazisinə endirilib.

Hadisə şahidlərindən olan fələstinli Əbu Əhməd bölgədəki vəziyyəti belə təsvir edib: "Atəşkəs deyilən bir şey yoxdur, hər şey kağız üzərində qalıb. Biz sadəcə sülh şəraitində yaşamaq və real həll yolu istəyirik."

"Atəşkəs" kölgəsində davam edən əməliyyatlar

İsrail hərbi rəhbərliyi hər iki zərbə ilə bağlı araşdırma aparıldığını bildirib. Bununla yanaşı, hərbçilər Dair əl-Bəlah şəhərində HƏMAS-ın yüksək rütbəli nümayəndələrindən biri olan Şərif əl-Həsnatın zərərsizləşdirildiyini bəyan ediblər. İsrail tərəfinin iddiasına görə, o, HƏMAS-ın yeraltı infrastrukturunu bərpa etmək cəhdlərinə rəhbərlik edirdi.

2025-ci ilin oktyabrında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hərbi toqquşmalar tam səngiməyib. Məlumata görə, həmin atəşkəs dövründən bu yana Qəzzada 1280-dən çox fələstinli, İsrail tərəfindən isə 4 hərbçi həyatını itirib.

İordan çayının qərb sahilində gərginlik pik həddədir

Münaqişə yalnız Qəzza ilə məhdudlaşmır, İordan çayının qərb sahilində də zorakılıq halları kəskin artıb:

  • Əriha (Yerixon) yaxınlığında bıçaqlı hücum: Avtomagistral kənarında bir İsrail vətəndaşı bıçaqlı hücuma məruz qalaraq yaralanıb. Şübhəli şəxsin hadisə yerindən qaçdığı və axtarışların davam etdiyi bildirilir.
  • Nablusda 14 yaşlı yeniyetmə öldürüldü: Əskər qaçqın düşərgəsinə keçirilən reyd zamanı İsrail qüvvələrinin açdığı atəş nəticəsində 14 yaşlı İslam Əccuri həlak olub.
Previous Post Next Post