UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısında yer alan tarixi Möminə xatun türbəsinin orijinal görkəminin qorunması və ömrünün uzadılması istiqamətində işlər davam etdirilir. Hazırda qədim abidədə hərtərəfli elmi-tədqiqat, konservasiya və bərpa tədbirləri həyata keçirilir.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən memar Aysel Hüseynova bildirib ki, aparılan bütün işlərdə başlıca məqsəd abidənin autentikliyinə — yəni əsl orijinallığına heç bir xələl gətirməməkdir. Bütün müdaxilələr yalnız ciddi elmi əsaslar və dəqiq ölçmə işləri nəticəsində planlaşdırılır.
Xatırladaq ki, Möminə xatun türbəsi 1998-ci ildən UNESCO-nun ilkin siyahısındadır, 2001-ci ildə isə dünya əhəmiyyətli memarlıq abidəsi statusunu alıb.
Mütəxəssis qeyd edib ki, cari bərpa prosesi zamanı aparılan monitorinqlər abidənin mövcud dayanıqlığını qiymətləndirməyə və yarana biləcək risklərin vaxtında qarşısını almağa imkan verir. Əsas hədəf bu nadir irsin tarixi və mədəni dəyərini gələcək nəsillərə toxunulmaz şəkildə çatdırmaqdır.
