ABŞ-ın ənənəvi ikiqütblü siyasi sistemində diqqətçəkən meyillər müşahidə olunur. Ölkədə gənclər və solçu namizədlər mövcud iqtisadi modeldən narazılıqlarını açıq dilə gətirərək sosialist ideyalarına qucaq açırlar. "Financial Times" qəzetinin dərc etdiyi təhlilə görə, bu dalğa artıq sadəcə kiçik bir kənar qrup olmaqdan çıxaraq real siyasi gücə çevrilməkdədir.
Kapitalizmin alternativi axtarılır
Əvvəllər ABŞ-da daha məhdud dairələrdə müzakirə olunan Demokratik Sosialistlər Amerika (DSA) təşkilatının üzv sayı son 15 ildə 5 mindən yaxın 130 minə yüksəlib. Gənc seçicilər əlçatan mənzil təminatı, universal səhiyyə, pulsuz ali təhsil və milyarderlərin vergi yükünün artırılması kimi tələbləri fəal şəkildə dəstəkləyirlər. Ötən il keçirilən sorğulara əsasən, demokrat seçicilərin təqribən 66 faizi sosializmə müsbət yanaşır.
Seçki uğurları və siyasi irəliləyişlər
Bu ideologiyanın təsiri praktiki olaraq seçkilərdə də özünü büruzə verir. Nyu-Yorkda keçirilən bələdiyyə seçkilərində Zohran Məmdaninin qələbəsi mühüm dönüş nöqtəsi olub. Bu il isə DSA üzvləri Nyu-York, Denver, Filadelfiya və Vaşinqtondakı partiyadaxili praymerilərdə rəhbərliyin dəstəklədiyi mərkəzçi rəqiblərini məğlub etməyi bacarıblar. Eyni zamanda, proqresiv siyasətçi Abdul Əl-Səyidin Miçiqandakı demokratların senat praymerisində qələbə qazanması siyasi elita arasında ciddi rezonans doğurub.
Bu dəyişikliyin arxasında nə dayanır?
Ekspertlər qeyd edirlər ki, bu tendensiya sadəcə ideoloji bağlılıq deyil, həm də 2008-ci ilin qlobal maliyyə böhranından sonra gənc nəslin (milenialların) üzləşdiyi iqtisadi məyusluqlardan qaynaqlanır. Valideynlərinin həyat standartlarına çata bilməyəcəyini anlayan gənclər mövcud iqtisadi modelin vədlərini yerinə yetirmədiyini düşünürlər. Soyuq müharibədən sonrakı dövrdə böyüyən gənclər üçün sosializm artıq qorxulu termin deyil, daha güclü rifah dövləti mənasını verir.
Buna baxmayaraq, Demokrat Partiyasının mərkəzçi qanadı bu radikal addımların mərkəzçi seçiciləri uzaqlaşdıracağından narahatdır. Respublikaçılar ise bu vəziyyətdən istifadə edərək demokratları tənqid hədəfinə çevirirlər. Lakin bütün bunlara baxmayaraq, ABŞ-da solçuların artan nüfuzu ölkənin gələcək siyasi gedişatına əhəmiyyətli dərəcədə təsir etməkdə davam edir.
