Fransada şok skandal: İş müsahibəsinə gələn qadınlara gizlicə dərman qatan məmur ifşa olundu

 

Beyanat.az xəbər verir ki, Fransada dövlət qurumunda baş verən və eşidənlərin ağlına sığmayan qəribə cinayət işinin təfərrüatları üzə çıxıb. Mədəniyyət Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsinin iş müsahibəsi bəhanəsi ilə qadınlara xəbərsiz şəkildə sidikqovucu dərmanlar verərək onları küçədə çıxılmaz vəziyyətə saldığı məlum olub.

"Experiments P" adı altında qorxunc cədvəl

Mötəbər xarici KİV-lərin, o cümlədən BBC-nin yaydığı məlumatlara görə, 2009–2018-ci illəri əhatə edən dövrdə Mədəniyyət Nazirliyində regional direktor işləmiş Kristian Nègre (Christian Nègre) iş üçün müraciət edən qadın namizədlərə təklif etdiyi qəhvəyə gizlicə güclü diuretik (sidikqovucu) qatırmış.

Dərman təsirə başlayandan sonra o, qadınları şəhər gəzintisinə dəvət edir və onlarda dözülməz ehtiyac yaradırdı. Məmur isə kənardan bu mənzərəni izləyərək bundan psixoloji zövq alırmış. Polis onun kompüterində "Experiments P" adlı xüsusi cədvəl aşkarlayıb. Həmin sənəddə qadınların görüşə gəldiyi vaxt, dərmanın verilmə anı, tualetə qaçdıqları dəqiqələr və hətta əyinlərindəki alt paltarlarının rənginə qədər hər detal dəqiqliklə qeyd edilibmiş.

İstintaq və etirazlar

2018-ci ildə bir iş yoldaşının onun gizli şəkildə şəklini çəkdiyini görməsi ilə əməli üstündə yaxalanan 60 yaşlı sabiq məmur dərhal vəzifəsindən uzaqlaşdırılıb. Təxminən 250 qadının bu psixoloji terrora məruz qaldığı ehtimal edilir.

Hazırda zəhərləmə, şəxsi həyatın toxunulmazlığını pozma və cinsi zorakılıq ittihamları ilə üz-üzə olan sabiq məmur məhkəmə qarşısına çıxmağı gözləyir. Zərərçəkən qadınlar isə hüquq sisteminin prosesi ləngitməsinə və ədalətin gecikməsinə sərt şəkildə etiraz edirlər.

Previous Post Next Post