Azərbaycan CNN telekanalını məhkəməyə verdi: ABŞ-də rəsmi iddia qaldırıldı

 

Ölkəmizə qarşı media müstəvisində sərgilənən qərəzli və təxribat xarakterli mövqelərə qarşı sərt hüquqi addım atılıb.

Beyanat.az xəbər verir ki, Report.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan ABŞ-nin federal məhkəməsində məşhur CNN telekanalına qarşı rəsmi qaydada iddia qaldırıb.

Məhkəmənin əsası nədir?

Hüquqi prosesin başlanmasına səbəb CNN-in cari il iyunun 5-də yayımladığı qərəzli və həqiqətdən uzaq məqalədir. Həmin materialda heç bir əsas olmadan iddia olunurdu ki, guya Azərbaycan ərazisi İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri, o cümlədən PUA əməliyyatları üçün istifadə edilir.

Hələ material işıq üzü görməmişdən əvvəl Azərbaycan tərəfi sorğuya cavab olaraq bu iddiaları qəti şəkildə təkzib etmişdi. Rəsmi Bakı bir daha bəyan etmişdi ki, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən qonşu ölkələrə qarşı istifadəsinə qətiyyən icazə verilmir. Lakin buna baxmayaraq, CNN rəsmi mövqeni adekvat şəkildə işıqlandırmayıb, əksinə, iddiaları anonim mənbələrə istinadən oxuculara təqdim edib.

Tələblər cavabsız qaldı

Azərbaycan tərəfi haqlı narazılığını bildirərək məsələnin dinc yolla həlli üçün addımlar atıb. İyunun 6-da, 23-də və iyulun 2-də CNN-ə rəsmi təkrar məktublar ünvanlanaraq yanlış məlumatların təkzib olunması tələb edilib. Telekanal hər dəfə məsələni araşdıracağını vəd etsə də, praktiki olaraq heç bir addım atmayıb və irəli sürdüyü yalan iddiaları təkzib etməyib.

Bütün bunlardan sonra Azərbaycan avqustun 17-də ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində (telekanalın rəsmi qeydiyyatda olduğu ştatda) CNN-ə qarşı rəsmi iddia qaldırıb.

Köhnə ənənələr davam edir

Qeyd edək ki, sözügedən qərəzli materialın müəlliflərindən biri olan Tim Lister Azərbaycana qarşı qərəzli mövqeyi ilə ilk dəfə deyil ki, seçilir. Onun əvvəlki illərdə – 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri zamanı da ölkəmizə qarşı birtərəfli və qarayaxma kampaniyalarında aktiv rol aldığı məlumdur.

Previous Post Next Post