150 milyon illik sirr çözüldü: İlk quşların göyə necə qalxdığı məlum oldu

 

Elm tarixində illərdir müzakirə olunan əsas müəmmalardan biri – ilk quşların necə uçmağa başlaması nəhayət ki, tapıldı. Beynəlxalq tədqiqatqılar qrupunun apardığı son elmi araşdırma qədim quşların uçuş mexanizmi ilə bağlı mövcud təsəvvürləri tamamilə dəyişib.

Beyanat.az xəbər verir ki, Sauthempton Universiteti və Paris Milli Təbii Tarix Muzeyinin alimləri təxminən 150 milyon il əvvəl yaşamış və dinozavrlarla müasir quşlar arasında "keçid halı" hesab edilən Arxeopteriks (Archaeopteryx) üzərində genişmiqyaslı kompüter simulyasiyaları həyata keçiriblər.

Məlum olub ki, ilk quşlar indiki quşlar kimi qanadlarını açıb dərhal havaya qalxa bilmirdilər. Onların çiyin quruluşu və döş sümüyü bu cür sürətli uçuş üçün uyğun deyildi. Lakin alimlərin milyardlarla virtual hərəkət kombinasiyasını ehtiva edən 3D simulyasiyaları maraqlı həqiqəti üzə çıxarıb: qədim quşlar havaya qalxmaq üçün arxa ayaqlarının gücündən istifadə edərək sürətli tullanışlar ("hop, hop və irəli" strategiyası) edirmişlər. İlk qalxma qüvvəsinin təxminən 90%-i məhz ayaqların təkanından yaranırmış.

Maraqlıdır ki, tədqiqatçılar bu hərəkət tərzinin izlərinə bu gün də bəzi quş növlərində – qarğalar, sasağanlar və martılarda rast gəldiklərini bildirirlər. Bu quşlar gündəlik fəaliyyətləri zamanı uçmazdan əvvəl bir neçə kiçik tullanış həyata keçirirlər.

Bu kəşf elmi aləmdə onilliklərdir davam edən "uçuş yer üzündən yoxsa ağacdan başlayıb?" mübahisəsinə də son qoyaraq, prosesin yer üzündən tullanışlarla başladığını təsdiqləyib.

Previous Post Next Post