Qara dəniz akvatoriyasında, Odessa limanı yaxınlığında dinc fəaliyyət göstərən gəmiyə qarşı təhlükəli hücum baş verib. "Azərbaycan dənizçilərə dəstək" İctimai Birliyindən əldə olunan məlumata görə, “Mert Marine Corporation” şirkətinə məxsus və Somali bayrağı altında üzən “TEDY” adlı yedək gəmisi dron zərbələrinə məruz qalıb.
Hadisə başlanan zaman gəminin göyərtəsində beynəlxalq heyət — dörd Azərbaycan, üç Türkiyə, iki Almaniya və bir Ukrayna vətəndaşı olub. İlkin zərbədən sonra zədələnən gəmi Konstansa limanına doğru hərəkətini davam etdirərkən təkrar dron hücumları ilə üzləşib. Ardıcıl hücumlar faciə ilə nəticələnib; azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar.
Heyətdə olan digər iki soydaşımız isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Odessa şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Onların müalicəsi davam etdirilir.
