Cənubi Koreyadan tarixi addım: Müharibəyə son qoymaq üçün danışıqlar təklif olunub

 

Cənubi Koreya Prezidenti Li Cje Myung hələ də texniki olaraq davam edən Koreya müharibəsinə rəsmi şəkildə nöqtə qoymaq üçün şimaldakı qonşusuna danışıqlar masasına oturmağı təklif edib.

Beyanat.az BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreya lideri bölgədə gərginliyi azaltmaq və qəfil toqquşmaların qarşısını almaq üçün "çoxqatlı təhlükəsizlik sistemi" yaratmağı, həmçinin Pxenjanın nüvə ambisiyalarının dayandırılması yollarını müzakirə etməyi təklif edib.

Xatırladaq ki, 1953-cü ildə imzalanan atəşkəs sazişindən sonra tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. BBC-nin məlumatına görə, bu səbəbdən Koreya yarımadasındakı iki dövlət texniki baxımdan bu gün də müharibə vəziyyətində qalır. Onilliklər ərzində demilitarizasiya olunmuş zona (DMZ) boyunca vaxtaşırı baş verən təxribatlar və qarşılıqlı ittihamlar bölgədəki vəziyyəti daim gərgin saxlayır.

Ötən il vəzifəyə gələn Li Cje Myung münasibətləri yumşaltmağa və dialoqu bərpa etməyə xüsusi önəm verir. Azadlıq Günü mərasimindəki çıxışında o, tərəflərə müraciət edərək bildirib: "Gəlin bir-birimizi hədələmək niyyətindən əl çəkək və birbaşa tərəflər olaraq bu uzun sürən müharibəyə son qoymaq üçün müzakirələrə başlayaq".

Şimali Koreya hələ ki, bu çağırışa rəsmi reaksiya verməyib. BBC qeyd edir ki, Şimalın lideri Kim Çen In artıq Cənubi Koreya ilə birləşməyin qeyri-mümkün olduğunu və Cənubun ölkəsinin "əsas düşməni" elan edildiyini bəyan edib. 2022-ci ildə özünü nüvə dövləti elan edən Pxenjanın silahlarından əl çəkməyəcəyini vurğulaması və son günlər davam edən raket sınaqları isə sülh perspektivlərini çətinləşdirən əsas amillər olaraq qalır.

Previous Post Next Post