Bu gün Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biri, dünyaşöhrətli dirijor və bəstəkar, SSRİ Xalq artisti Maestro Niyazinin (Niyazi Tağızadə-Hacıbəyov) anadan olmasının 114-cü ildönümüdür.
Hacıbəyovlar nəslinin parlaq davamçısı
1912-ci il avqustun 20-də Tbilisidə tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açan Niyazi, uşaqlıq illərindən etibarən zəngin musiqi mühitində böyüyüb. Ətrafında dövrünün böyük xanəndələrini və musiqiçilərini görən gənc sənətkarda musiqiyə dərin sevgilər yaranıb. İlk peşəkar təhsilini Bakı Musiqi Texnikumunda alan Niyazi, sonradan bilik və bacarıqlarını təkmilləşdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) musiqi məktəblərində təhsilini davam etdirib.
Səhnə həyatı və əvəzsiz irsi
Maestro Niyazinin zəngin yaradıcılıq yolu əsasən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olub. O, 1937–1948 və 1951–1952-ci illərdə bu sənət məbədində dirijor, bədii rəhbər və baş dirijor kimi fəaliyyət göstərərək milli opera və balet sənətinin inkişafına əvəzsiz töhfələr verib. 1979-cu ildən etibarən isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb.
Bəstəkar kimi də zəngin irs qoyan Niyazi, xüsusilə 1949-cu ildə qələmə aldığı "Rast" simfonik muğamı ilə Şərq və Qərb musiqi sintezinin mükəmməl nümunəsini yaradıb. Bununla yanaşı:
"Xosrov və Şirin" operası (1942)
Hindistan yazıçısı Rabindranat Taqorun əsəri əsasında bəstələdiyi "Çitra" baleti (1962)
"Zaqatala" süitası (1934) və "1920-ci ildə" opera-kantatası
"Qaytağı", "Konsert valsı" və simfonik orkestr üçün "Rəqs" süitası kimi əsərləri milli musiqi xəzinəmizin inciləri sırasındadır.
Dünya miqyasında etiraf və əbədi xatirə
Görkləmli sənətkar fəaliyyəti boyunca Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Lenin Komsomolu və Beynəlxalq Nehru mükafatı kimi yüksək adlara layiq görülüb.
Ömrünün son illərini Bakıda, Bülbül prospekti 21 ünvanındakı mənzildə keçirən görkəmli dirijor 1984-cü il avqustun 2-də əbədiyyətə qovuşub. Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü ilə 1994-cü il sentyabrın 18-də həmin mənzil Mənzil-Muzey kimi fəaliyyətə başlayaraq Maestronun zəngin xatirəsini bu gün də yaşatmaqdadır.
